Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi haqqında Əsasnamə

I. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi (bundan sonra - Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli 220-05/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Mərkəz maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin edən qurumdur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini və bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqları həyata keçirərkən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (bundan sonra-Nazirlik) aparatı, Nazirliyin strukturuna daxil olan yerli bölmələri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, elm və təhsil qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamp və blanka malikdir.
1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Mərkəz Naxçıvan şəhərində yerləşir.
II. Mərkəzin fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini və yenidən hazırlanmasını həyata keçirir;
2.1.2. dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
2.1.3. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərində işləyən mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları,
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Mərkəzin vəzifələri
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Nazirliyin aparatının, onun strukturuna daxil olan yerli bölmələrinin və tabeliyində olan digər qurumların işçilərinin (bundan sonra - Mərkəzin dinləyiciləri) peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması işini təşkil etmək və həyata keçirmək;
3.1.2. təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək;
3.1.3. mühasibatlıq işinin qurulması məsələlərinin dinləyicilər tərəfindən daha dərindən öyrənilməsini və yeni idarəetmə vərdişlərinin aşılanmasını təşkil etmək;
3.1.4. tədris prosesini mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirmək;
3.1.5. tədris planlarını işləyib hazırlamaq və razılaşdırmaq üçün Nazirliyə təqdim etmək;
3.1.6. bu sahədə mövcud olan qabaqcıl təcrübəni və elmi-praktik nailiyyətləri öyrənmək və tətbiq etmək;
3.1.7. fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadəni təmin etmək;
3.1.8. təlimin keyfiyyətini yaxşılaşdırmaq, əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktiki həllinə istiqamətləndirmək;
3.1.9. tədris plan və proqramlarını, elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək;
3.1.10. tədris prosesinə ixtisaslı kadrları, alimləri, elm və təhsil müəssisələrinin mütəxəssislərini cəlb etmək;
3.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Mərkəzin hüquqları
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir.
4.1.1. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsində Mərkəz üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində bülletenlər buraxmaq, internet səhifəsini yaratmaq və ondan istifadə etmək;
4.1.3. başqa təşkilatlarla, o cümlədən alim və mütəxəssislərlə informasiya mübadiləsi aparmaq;
4.1.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərini tədrisə cəlb etmək;
4.1.5. öz profili üzrə tədris metodiki konfranslar və seminarlar təşkil etmək;
4.1.6. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək, təcrübə keçmək üçün onları aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, dövlət hakimiyyəti orqanlarına göndərmək;
4.1.7. Mərkəzdə dinləyicilərin ixtisasartırmasına dair təsdiq edilmiş tədris planına mane olmamaq şərti ilə müqavilə əsasında müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisasartırması üçün ödənişli əlavə qruplar yaratmaq;
4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəzə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
Mərkəzin işçiləri Mərkəzin direktorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
5.2. Mərkəzin direktoru və işçiləri onlara həvalə olunmuş öhdəliklərin və əmək funksiyalarının yerinə yetirilməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.3. Mərkəzin direktoru:
5.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;
5.3.3. Mərkəzin xərclər smetasına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinə sərəncam verir;
5.3.4. tabeliyində olan işçilərə səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;
5.3.5. ştatdankənar işçiləri müqavilə əsasında Mərkəzin işinə cəlb edir;
5.3.6. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi vəkalətnaməsiz təmsil edir;
5.3.7. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən təşkil
oluna və ləğv edilə bilər.
VI. Mərkəzdə tədrisin təşkili
6.1. Maliyyə işçilərinin tədrisə cəlb edilməsi Nazirlik tərəfindən təsdiq edilmiş qrafik əsasında mərkəzin direktorunun əmri ilə həyata keçirilir.
6.2. Mərkəzdə qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunur, müvafiq tədris planları və proqramları işlənib hazırlanır.
6.3. Mərkəzdə dinləyicilərin təlim müddəti Nazirlik tərəfindən müəyyən edilir.
6.4. Mərkəzdə təlimin forması, məzmunu və metodları tədris planlarına uyğun olaraq Nazirliklə razılaşdırılmaqla müəyyən edilir.
6.5. Mərkəzdə tədris məşğələləri təsdiq edilmiş cədvəl əsasında aparılır.
6.6. Mərkəzin dinləyicilərinin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
6.6.1. öz peşə və işgüzar keyfiyyətlərini təkmilləşdirmək;
6.6.2. tədris plan və proqramlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirmək;
6.6.3. tədris prosesini təkmilləşdirmək və digər problemlər üzrə təkliflər vermək;
6.6.4. təlim üçün yaradılmış tədris-köməkçi və digər vasitələrdən istifadə etmək;
6.6.5. daxili intizam qaydalarına əməl etmək.
6.7. Mərkəzdə ixtisaslarını artıran dinləyicilərin bilik səviyyələrinin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən yaradılan komissiya tərəfindən aparılır.
6.8. Tədris planını yerinə yetirməyən, daxili intizam qaydalarını pozan dinləyicilər Nazirliyə və müvafiq orqanlara məlumat verilməklə Mərkəzin direktorunun əmrinə əsasən tədrisdən xaric edilir.
6.9. Mərkəzdə tədris planının tələblərini yerinə yetirən dinləyicilərə müvafiq sertifikat verilir.
Əlavə ödənişli qruplarda təhsil haqqı və dinləyicilərin təlim müddəti Nazirliklə razılaşdırılmaqla müəyyən edilir.
DAVAMI
  • 56

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Q A N U N U

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 340 000,0 manat, xərcləri 383 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 360 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 57 010 000,0 manat, yerli gəlirləri 26 330 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 355 535 000,0 manat, yerli xərcləri 28 165 000,0 manat) məbləğində təsdiq edilsin.


Qanuna bax

DAVAMI
  • 282
Sosial şəbəkələrdə biz