Bu gün noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.Bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
  • 45
Sosial şəbəkələrdə biz