Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlim keçirilib.

3 oktyabr 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı üç günlük   təlimlərə start verilib. Təlimin ilk günündə mərkəzləşdirilmiş xərclərdən maliyyələşən  büdcə təşkilatlarının 24 nəfər baş mühasibi iştirak edib.
  Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimin əhəmiyyəti haqqında  məlumat verərək bildirib ki, dünya iqtisadiyyatında qloballaşma ilə əlaqədar baş verən fundamental dəyişikliklər, beynəlxalq inteqrasiyanın rolunun artması müasir dövrdə mühasibat uçotunun vahid sisteminin, həmçinin maliyyə hesabatlarının tərtibində eyni yanaşmanın və şəffaflığın təmin olunmasını tələb edir. Müasir dövrün tələblərinə uyğun olaraq uçot və hesabat işləri vahid prinsiplərə əsaslanmalı, nəticədə əldə olunan məlumatlar istifadəçilər üçün təsərrüfat subyektinin əmlak və maliyyə vəziyyəti barədə iqtisadi cəhətdən əsaslandırılmış  aydın, müqayisə olunan və etibarlı informasiyanı təmin etməlidir. Bildirilib ki, ölkəmizdə son dövrlərdə uğurla həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın bütün sahələrində olduğu kimi  uçot və hesabatların beynəlxalq səviyyədə mövcud tələblərə uyğun inkişafının təmin edilməsinə yönəlmişdir. Bu baxımdan maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində muxtar respublikamızda görülən işlər  mühüm əhəmiyyət kəsb edir.


Təlimin ilk günü ictimai sektor üzrə peşəkar mühasib Arzuman İmanovun “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı beynəlxalq  maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və növləri haqqında məlumat verilib, təşkilatlarda baş verən əməliyyatların ikili qeydiyyatı və maliyyə bərabərliyinə təsiri əyani misallar üzərində izah edilib,  hesabatların tərtib olunma qaydalarının nəzəri əsasları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
       Növbəti günlərdə Arzuman İmanov və Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Həsən Abdullayev tərəfindən beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsi üzrə  müvafiq praktiki tapşırıqların  yerinə yetirilməsi, həmçinin keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq qiymətləndirmənin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, təlimin keçirilməsinin əsas məqsədi təşkilatlarda maliyyə-mühasibat işinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq aparılması, müasir tələblər istiqamətində maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarətdir.
Təlimdə ümumilikdə  80 büdcə təşkilatının baş mühasibinin iştirakı nəzərdə tutulur, hansı ki, onlar maliyyə hesabatlarının hazırlanmasına bilavasitə cavabdeh olan şəxslərdir.  Təlimlər 4 qrupdan ibarət olmaqla hər bir qrup üçün 3 gün ərzində növbəlilik əsasında günün birinci və ikinci yarısında keçiriləcək və  2 həftə ərzində davam edəcək. Yekunda hər bir qrup üçün keçirilən təlimlə bağlı biliklərin qiymətləndirilməsi  aparılacaq. Növbəti mərhələdə isə yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarının baş mühasibləri təlimlərə cəlb olunacaq.


  • 85
Sosial şəbəkələrdə biz