Naxçıvanda “Maliyyə həftəsi” layihəsi çərçivəsində təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
 Layihənin ilkin mərhələsində mərkəzin əməkdaşları təhsil müəssisələrində olaraq layihə haqqında məlumat veriblər. Könüllü olaraq qeydiyyatdan keçmiş 43 tələbə Maliyyə Nazirliyinə dəvət edilib. Onlar təlimə cəlb olunublar. Təlimin sonunda isə test mərhələsi keçirilib. Test mərhələsinin sonunda hər təhsil müəssisəsindən ən yüksək nəticə göstərən 25 tələbə layihəyə cəlb olunub.
Layihənin ilk günü Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara layihənin mahiyyəti haqqında məlumat verib.
Növbəti günlərdə iştirakçılar nazirliyin əməkdaşları Ramil Hüseynov və Pərvin Cümşüdova tərəfindən keçirilən ikisaatlıq təlimə cəlb olunacaq və nazirliyin aparatında şöbələrin fəaliyyəti ilə praktik olaraq tanış ediləcəklər. Sonra test mərhələsi keçiriləcək və yüksək nəticə göstərərək uğur qazanmış iştirakçıların adları elan olunacaq.
Layihənin son günü qalib tələbələrə Maliyyə Tədris Mərkəzinin sertifikatları və hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, 4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrdə müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır.
  • 32
Sosial şəbəkələrdə biz