Mədəniyyət sahəsində çalışan mühasiblər təlimlərə cəlb edilib

Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. Üç gün ərzində keçirilməsi nəzərdə tutulan təlimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti barədə çıxış edərək bildirib ki, ölkəmizdə mühasibat uçotu sisteminin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri maliyyə və vergi uçotunun qarşılıqlı modelinin formalaşması hesab olunur. Təlimdə  iştirak maliyyə-mühasibat işçilərinə  mühasibat uçotunun təşkili və aparılması, eləcə də maliyyə və vergi hesabatlarının hazırlanması, təqdim olunması ilə bağlı biliklərini təkmilləşdirmək, hər iki uçot  arasında olan oxşar və fərqli cəhətləri təhlil etmək imkanı yaradacaq.
Təlimin ilk iki günü  Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” mövzusu ətrafında çıxış edərək baş verən əməliyyatların maliyyə bərabərliyinə təsiri və mühasibat yazılışları vasitəsilə əks etdirilməsi, dövriyyə cədvəllərinin hazırlanması, maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktiki mahiyyətini zənginləşdirilmiş slaydlar vasitəsilə izah edib, həmçinin müvafiq praktiki tapşırıqlar  yerinə yetirilib.
Təlimin üçüncü günü  “Büdcə təşkilatlarında vergi uçotunun təşkili”  adlı mövzu ətrafında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin mühasibat uçotu və təsərrüfat bölməsinin rəisi-baş mühasibi Cavid Ələkbərovun  təqdimatında vergilərin ödənilməsinin ümumi qaydaları, sənəd dövriyyəsinin təşkili, vergi hesabatı sənədlərinin və vergi uçotu registrlərinin saxlanması, vergi uçotunun analitik registrlərinin tərkibi, vergi bəyannamələrinin, hesabatlarının tərtib edilməsi və göndərilməsi qaydalarının dinlənilməsi nəzərdə tutulub.
    Təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçiriləcək və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
  • 34
Sosial şəbəkələrdə biz