“Startapda maliyyənin idarə edilməsi” adlı təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 20 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Startapda maliyyənin idarə edilməsi“ mövzusunda təlim keçirilib. Təlimə “Naxçıvan”  Universitetinin Maliyyə ixtisası üzrə Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan 24 tələbə cəlb olunub.
Təlimin təşkil edilməsində məqsəd startap layihələrinin həyata keçirilməsi zamanı güclü maliyyə infrastrukturunun yaradılması, büdcənin tərtib olunması və icrasına nəzarət, maliyyə  resurslarının səmərəli idarə edilməsi nəticəsində maliyyə hesabatlarında mənfəətliliyin əldə olunmasını praktiki iş vasitəsilə izah etmək, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
İlk olaraq Mərkəz tərəfindən hazırlanmış “Startap nədir”? mövzusunda videoçarx izlənilib. Sonra Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev  “Startapda maliyyənin  idarə edilməsi”  mövzusu ətrafında danışaraq qeyd edib ki, yeni bir işə başlamaq üçün güclü maliyyə infrastrukturunun yaradılması  vacibdir.  Lakin maliyyə resurslarının əlçatan olması və gəlir hədəflərinizin müəyyən edilməsi  böyüməyə imkan verən amillər sırasındadır. Startaplarda maliyyənin idarəedilməsi sisteminin maliyyə planlaşdırılmasından, maliyyə uçotu və təhlildən, idarəetmə qərarlarının qəbul edilməsindən ibarət olduğu bildirilib.
Slaydlar vasitəsilə təqdimat zamanı startaplarda uçot, planlaşdırma və pul vəsaitlərinin hərəkətinə nəzarət qaydaları ətraflı izah edilib, əvvəlcədən verilmiş tapşırıq əsasında tələbələr tərəfindən yaradılmış startap layihələrində maliyyə hesabatlarının tərtib olunması ilə bağlı praktiki tapşırıqlar yerinə yetirilib. Təlim diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb.
Təlimin sonunda yaradıcı düşüncənin məhsulu olan, resursların səmərəli idarə edilməsilə   dolğun maliyyə hesabatlarını  tərtib edən layihələrin yaradıcılarına Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 426
Sosial şəbəkələrdə biz