“Hazır mühasib – Naxçıvan" layihəsinin açılış tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn layihənin açılış tədbirində Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib, layihənin əhəmiyyəti haqqında danışıb. Mərkəzin direktoru bildirib ki, xarici bazarlara çıxış müəssisədən öz maliyyə təsərrüfat fəaliyyətini beynəlxalq standartlara uyğun qurmağı tələb edir. Mühasibat uçotunu beynəlxalq standartara uyğun qurmaq, maliyyə vəziyyətini şəffaf şəkildə qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyac vardır. Mühasib peşəsi əmək bazarında ən çox tələb olunan peşələrdən biri olduğu üçün “Hazır mühasib – Naxçıvan "  layihəsinin də reallaşdırılmasının muxtar respublikada kadr hazırlığına və gənclərin karyera quruculuğuna dəstək olmaq məqsədi daşıdığı qeyd edilib. Onlayn şəkildə təşkil olunacaq kursun ödənişsiz şəkildə həyata keçiriləcəyi və 5 aya yaxın bir müddəti əhatə edəcəyi qeyd edilib.  Məlumat verilib ki, tədris prosesi İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təcrübəli müəllimləri tərəfindən tərtib olunmuş tədris proqramı və dərs vəsaitləri əsasında təşkil ediləcək. Mütəmadi olaraq aralıq imtahanları keçiriləcək, yekun imtahan nəticəsində müfəffəqiyyət qazanan iştirakçılara hər iki Mərkəzin birgə sertifikatı təqdim olunacaq. Layihənin iştirakçılarının təqdim olunmuş  link vasitəsilə qeydiyyatdan keçdiyi vurğulanıb.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təsisçisi Radil Fətullayev Mərkəz haqqında geniş məlumat verərək əsas vəzifələrinin maliyyə, mühasibatlıq, vergi, audit və konsaltinq sahəsində yüksək keyfiyyətli, peşəkar xidmətlər göstərməkdən ibarət olduğunu, bu günə qədər Mərkəz tərəfindən saysız-hesabsız mühasib hazırlandığını, gənclər üçün bir sıra maraqlı layihələrin icra edildiyini bildirib.  Qeyd olunub ki, layihədə iştirak  tələbə və  gənclərə beynəlxaq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etmək, beynəlxalq mühasibat üçotu ilə vergi uçotu arasında olan  fərqləri öyrənmək, bir sözlə mühasibat sahəsi ilə bağlı  nəzəri və praktiki biliklərin artırılması bacarıqlarını qazandıracaq.
Sonda layihə ilə bağlı iştirakçıların bütün sualları cavablandırılıb.
  • 387
Sosial şəbəkələrdə biz