Maliyyə Nazirliyində 2022-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, 2022-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 71 milyon 540 min manat təyinata qarşı 106,9 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 4 milyon 956 min 694 manat çox vəsait mədaxil edilib.
     Büdcə gəlirlərinin 73 faizi və ya 55 milyon 834 min 602 manatı Dövlət Vergi Xidməti tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 23,5 faizi və ya 18 milyon 18 min 509 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 423 min 11 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 220 min 572 manatı isə digər mənbələrdən daxil olub.
     Qeyd olunub ki, 2022-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 287 milyon 117 min 581 manat təyinata qarşı 277 milyon 64 min 556 manat və ya 96,5 faiz icra olunub.
     Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
     2022-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət tədbirləri davam etdirilmiş, bununla da, 3 milyon 775 min 400 manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb.
Mütəmadi şəkildə aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların maliyyə və mühasibatlıq sənədlərində artıq hesablamalar və müxtəlif kənarlaşmalar nəticəsində dəymiş ziyan müəyyənləşdirilmiş, maddi məsul şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilib. Ötən yarımildə əsassız xərc, cərimə və dəymiş zərərə görə 59 min 993 manat vəsait dövlət büdcəsinə geri qaytarılıb.
     Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların ştat cədvəllərinə və strukturuna yenidən baxılması, əsassız saxlanılan ştat vahidlərinin ixtisarı, büdcə müəssisə və təşkilatlarının balansında olan, saxlanılması üçün xeyli miqdarda vəsait tələb olunan əsas vəsaitlərin və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi təmin olunaraq dövlət büdcəsinin lüzumsuz xərclərinin azaldılmasına nail olunub.
     Bildirilib ki, hesabat dövründə büdcədən maliyyələşən və ya dotasiya alan təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində işləyən əməkdaşların peşə biliklərinin artırılması, onlar tərəfindən qanunvericiliyə əməl edilməsi və vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşılmasını təmin etmək məqsədilə maarifləndirmə işi davam etdirilmiş, Maliyyə Tədris Mərkəzi tərəfindən müxtəlif mövzuları əhatə edən 9 təlim, “Maliyyə məktəbi” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında “Gələcək üçün maliyyə” adlı 4 təlim, “Breyn-rinq” intellektual bilik yarışması, hamiliyə verilmiş ixtisaslarda “Startap və maliyyə resurslarının idarə edilməsi” adlı seminar, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Hazır mühasib-Naxçıvan” layihəsi və mühasiblər arasında “Yeni dövrün ən yaxşı mühasibi” adlı ikinci muxtar respublika müsabiqəsi keçirilib.
      Nazir kollektivin diqqətinə çatdırıb ki, Altıncı çаğırış Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin yeddinci sеssiyаsında Maliyyə Nazirliyinə dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə istifadəyə nəzarətin gücləndirilməsi, təhlillərin aparılması, növbəti ilin büdcə proqnozlarının hazırlanması tapşırılıb.
      Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri tərəfindən Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqlar qarşıdakı fəaliyyət dövründə işdə rəhbər tutularaq icra olunmalı, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmaqla büdcə xərclərinin icrasına nəzarət daha da gücləndirilməlidir.
      İclasda cari ilin 6 ayı ərzində görülən işlər barədə Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Yusif Behbudlu, Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Zəfər Qasımov və Babək Rayon Maliyyə İdarəsinin rəisi Rasim Zeynalov məlumat veriblər.
   İclasa Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev yekun vuraraq kollektivi verilən tapşırıqların icrasına dəqiq və məsuliyyətli yanaşmağa dəvət edib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
  • 309
Sosial şəbəkələrdə biz