Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində təcrübədə olan tələbələr seminarda iştirak ediblər
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq şöbələrinin əməkdaşlarının iştirak etdiyi “Startap və maliyyə resurslarının idarə edilməsi” adlı seminarda Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasının istehsalat təcrübəsində olan IV kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin məqsədi barədə danışıb. Bildirib ki, təlimin təşkil edilməsində məqsəd innovativ ideyaları inkişaf etdirmək üçün təcrübə prosesində tələbələrə dəstək göstərilməsi və onları muxtar respublikanın texnoloji inkişafında önəmli rol oynayan startapların genişləndirilməsinə yönləndirməkdir. Startap layihələrinin reallaşdırılması zamanı maliyyə resurslarının səmərəli idarə edilməsi xüsusi əhəmiyyət daşıdığından maliyyə infrastrukturunun yaradılması, büdcənin tərtib olunması və icrasına nəzarət, maliyyə hesabatlarının şəffaf şəkildə tərtib edilməsinin mənfəətliliyinin əldə olunması mühüm rol oynayır.
Sonra ölkəmizdə öz startap layihələri ilə uğur qazanan gənclər və onların layihələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Təcrübə rəhbəri Mehparə Məmmədova “Startap nədir və necə başlaya bilərəm?” modulu ətrafında çıxış edərək bildirib ki, yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideya hesab edilir və onun uğurlu olması üçün vacib olan əsas amillərdən biri həmin ideyaya bazarda potensial tələbidir. Bu tələbatın müəyyən edilməsində bazarın ciddi araşdırılması tələb olunur. Daha sonra startapın yaranma tarixi, mahiyyəti, iş prinsipi haqqında məlumat verilib, beynəlxalq və ölkə səviyyəsində startap təcrübələri, “Startap” şəhadətnaməsinin əldə edilməsi qaydaları tələbələrin diqqətinə çatdırılıb. Startap layihələrinə professional yanaşmanın əsas göstəricisi olan biznes planın quruluşu, məqsədi və tərtib edilməsi qaydaları praktiki olaraq izah edilib.
“Startapda maliyyə resurslarının idarə edilməsi” modulu ətrafında danışan təcrübəçi tələbə Həsən Abbasov qeyd edib ki, ideyanın həyata keçirilməsində maliyyə resurslarının əlçatan olması və gəlir hədəflərinin müəyyən edilməsi böyüməyə imkan verən amillər sırasındadır. Startaplarda maliyyənin idarə edilməsi sisteminin maliyyə planlaşdırılmasından, maliyyə uçotu və təhlildən, idarəetmə qərarlarının qəbul edilməsindən ibarət olduğu tələbələrin diqqətinə çatdırılıb. Slaydlar vasitəsilə təqdimat zamanı startaplarda uçot, planlaşdırma və pul vəsaitlərinin hərəkətinə nəzarət qaydaları ətraflı izah edilib, startap layihələri üçün maliyyə hesabatlarının tərtib olunması ilə bağlı praktiki tapşırıq yerinə yetirilib.
Tədbir diskussiya şəraitində davam etdirilib, suallar nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb.
- 465