Maliyyə Nazirliyində 2022-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, 2022-ci
ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin
gəlirləri 71 milyon 540 min manat təyinata qarşı 106,9 faiz icra olunub,
büdcəyə nəzərdə tutulandan 4 milyon 956 min 694 manat çox vəsait
mədaxil edilib.
Büdcə gəlirlərinin 73 faizi və ya 55 milyon 834 min 602 manatı
Dövlət Vergi Xidməti tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 23,5
faizi və ya 18 milyon 18 min 509 manatı Dövlət Gömrük Komitəsi
tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 423 min
11 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli
xidmətlərindən, 0,3 faizi və ya 220 min 572 manatı isə digər mənbələrdən
daxil olub.
Qeyd olunub ki, 2022-ci ilin birinci yarımilində Naxçıvan Muxtar
Respublikası dövlət büdcəsinin xərcləri 287 milyon 117 min 581 manat
təyinata qarşı 277 milyon 64 min 556 manat və ya 96,5 faiz icra olunub.
Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada
quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin
tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin
maliyyələşdirilməsinə yönəldilib.
2022-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət
büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar
tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın
alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi
nəzarət tədbirləri davam etdirilmiş, bununla da, 3 milyon 775 min 400
manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb.
Mütəmadi
şəkildə aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində dövlət
büdcəsindən maliyyələşən müəssisə və təşkilatların maliyyə və
mühasibatlıq sənədlərində artıq hesablamalar və müxtəlif kənarlaşmalar
nəticəsində dəymiş ziyan müəyyənləşdirilmiş, maddi məsul şəxslərdən
tutularaq dövlət büdcəsinə bərpa edilib. Ötən yarımildə əsassız xərc,
cərimə və dəymiş zərərə görə 59 min 993 manat vəsait dövlət büdcəsinə
geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən maliyyələşən bir
sıra təşkilatların ştat cədvəllərinə və strukturuna yenidən baxılması,
əsassız saxlanılan ştat vahidlərinin ixtisarı, büdcə müəssisə və
təşkilatlarının balansında olan, saxlanılması üçün xeyli miqdarda vəsait
tələb olunan əsas vəsaitlərin və istismara yararsız nəqliyyat
vasitələrinin balansdan silinməsi təmin olunaraq dövlət büdcəsinin
lüzumsuz xərclərinin azaldılmasına nail olunub.
Bildirilib ki, hesabat dövründə büdcədən maliyyələşən və ya dotasiya
alan təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində işləyən
əməkdaşların peşə biliklərinin artırılması, onlar tərəfindən
qanunvericiliyə əməl edilməsi və vəzifə öhdəliklərinə məsuliyyətlə
yanaşılmasını təmin etmək məqsədilə maarifləndirmə işi davam etdirilmiş,
Maliyyə Tədris Mərkəzi tərəfindən müxtəlif mövzuları əhatə edən 9
təlim, “Maliyyə məktəbi” layihəsi çərçivəsində muxtar respublikanın
rayonlarında “Gələcək üçün maliyyə” adlı 4 təlim, “Breyn-rinq”
intellektual bilik yarışması, hamiliyə verilmiş ixtisaslarda “Startap və
maliyyə resurslarının idarə edilməsi” adlı seminar, Maliyyə Nazirliyi
yanında Maliyyə Tədris Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris
Mərkəzinin birgə təşkilatçılığı ilə “Hazır mühasib-Naxçıvan” layihəsi və
mühasiblər arasında “Yeni dövrün ən yaxşı mühasibi” adlı ikinci muxtar
respublika müsabiqəsi keçirilib.
Nazir kollektivin diqqətinə çatdırıb ki, Altıncı çаğırış Nахçıvаn
Muхtаr Rеspublikаsı Аli Məclisinin yeddinci sеssiyаsında Maliyyə
Nazirliyinə dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə
istifadəyə nəzarətin gücləndirilməsi, təhlillərin aparılması, növbəti
ilin büdcə proqnozlarının hazırlanması tapşırılıb.
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri tərəfindən
Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqlar qarşıdakı fəaliyyət
dövründə işdə rəhbər tutularaq icra olunmalı, etibarlı maliyyə nəzarəti
sistemi formalaşdırılmaqla büdcə xərclərinin icrasına nəzarət daha da
gücləndirilməlidir.
İclasda cari ilin 6 ayı ərzində görülən işlər barədə Xəzinə
şöbəsinin müdiri Nurlan Hacıyev, Maliyyə Nazirliyinin Dövlət Maliyyə
Nəzarəti İdarəsinin rəisi Yusif Behbudlu, Naxçıvan Şəhər Maliyyə
İdarəsinin rəisi vəzifəsini icra edən Zəfər Qasımov və Babək Rayon
Maliyyə İdarəsinin rəisi Rasim Zeynalov məlumat veriblər.
İclasa Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev
yekun vuraraq kollektivi verilən tapşırıqların icrasına dəqiq və
məsuliyyətli yanaşmağa dəvət edib və qarşıdakı fəaliyyətlərində uğurlar
arzulayıb.