Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib


    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, kommunal təyinatlı müəssisələrdə çalışan işçilərin müvafiq geyim dəstləri və avadanlıqlarla təmin olunması üçün maliyyə vəsaitinin ayrılması həyata keçirilməlidir. Həmçinin müəssisələrin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə təmin olunması, generatorların tam işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər görülməlidir.
    Qeyd olunub ki, təşkilatlarda fəaliyyətə başlayacaq qazanxanalara işə götürüləcək mövsümi işçilərin say tərkibinə, onların dövlət məvacibi təminatı ilə əlaqədar dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların xərclər smetasında bu məqsədlər üçün ayrılmış vəsaitlərin səmərəli və təyinatı üzrə xərclənməsinə nəzarət olunmalıdır.
    Vurğulanıb ki, verilən tapşırıqların icrasının təmin edilməsi məqsədilə maliyyə qurumları tərəfindən müəssisə və təşkilatlarda mövsümlə əlaqədar olaraq fəaliyyətə başlayacaq qazanxanaların saz vəziyyətə gətirilməsi üçün real ehtiyaclara əsaslanan vəsaitlərin ayrılması və xərclənməsinə nəzarət keyfiyyətli şəkildə təşkil edilməli, mövsüm ərzində onların işinə nəzarət olunmalıdır. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda enerjidən istifadə zamanı qənaət tədbirləri çərçivəsində limitlərin müəyyən olunmasının zəruriliyini bildirən maliyyə naziri xərclərin maliyyələşdirilməsi zamanı israfçılığın qarşısının alınması, limitlər daxilində səmərəli maliyyələşdirilmənin təmin edilməsi barədə tapşırıqlar verib.
  • 383
Sosial şəbəkələrdə biz