Maliyyə Nazirliyində 2021-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, cari ilin 6 ayında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 62 milyon 916 min 100 manat təyinata qarşı 108,8 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 5 milyon 549 min 146 manat çox vəsait mədaxil edilib.
Büdcə gəlirlərinin 74,5 faizi və ya 51 milyon 13 min 612 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 20,9 faizi və ya 14 milyon 274 min 822 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 182 min 428 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,4 faizi və ya 994 min 384 manatı isə digər mənbələrdən daxil olub.