23 İyun Dövlət qulluqçularının peşə bayramı günüdür

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi göstərişlər verilib.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur. 2023-cü il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 32 nəfərin “Tərəqqi” medalı, 181 nəfərin isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi bunun bariz nümunəsidir.
  • 46
Sosial şəbəkələrdə biz