Mühasiblər və tələbələr arasında IV muxtar respublika müsabiqəsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 35 nəfər iştirak edib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında olan misilsiz xidmətlərindən və muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdən bəhs edib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mühasiblər arasında rəqabətin artırılmasına, onların bilik və bacarıqlarının dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim olunub. Kitabçada əks olunan suallar açıq və qapalı tipli olmaqla 25 nəzəri, maliyyə hesabatlarının  tərtib olunması ilə bağlı praktiki tapşırıqdan ibarət olub. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə 100 bal üzərindən aparılacaq, hər istiqamət üzrə ən yüksək bal toplayan  üç nəfər müsabiqənin qalibi elan olunacaq.
Qeyd edək ki, qaliblərin təltif olunması mərasimi 10 may 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçiriləcək.
  • 35
Sosial şəbəkələrdə biz