“Hazır mühasib – Naxçıvan” layihəsinin bağlanış tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn “Hazır mühasib – Naxçıvan” layihəsinin bağlanış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları, büdcə və kommersiya təşkilatlarının mühasibləri və layihə iştirakçıları ilə birlikdə keçirilən tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək layihənin mahiyyəti və əhəmiyyəti haqqında danışıb. Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması ölkəmizdə də tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini, hamı üçün anlaşıqlı olmasını tələb edir. Bu gün mühasibat uçotunun beynəlxalq standartara uyğun qurulması və maliyyə vəziyyətinin şəffaf şəkildə qiymətləndirilməsi üçün əmək bazarında kifayət qədər peşəkar mühasiblərə ehtiyacın olduğu qeyd edilib. Muxtar respublikamızda bu istiqamətdə kadr hazırlığına və gənclərin karyera quruculuğuna dəstək olmaq məqsədilə 6 ay ərzində ödənişsiz qaydada və onlayn şəkildə təşkil olunan kursun  uyğun dərs vəsaitləri əsasında tədris edildiyi, mütəmadi olaraq imtahanların keçirildiyi bildirilib.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev Mərkəz haqqında geniş məlumat verərək Mərkəzin 2009-cu ildə təsis edildiyini, və mühasibatlıq sahəsində mövcud olan beynəlxalq təcrübənin təlimlərini təşkil edən bir qurum kimi ixtisaslaşdığını qeyd edib. Bildirilib ki, layihədə  iştirak tələbə və gənclərə beynəlxaq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etmək, mühasibat sahəsi ilə bağlı nəzəri və praktiki biliklərin artırılması bacarıqlarını qazandırıb. Radil Fətullayev müəllifi olduğu  tədris vəsaitlərini hədiyyə olaraq Maliyyə Tədris Mərkəzinə təqdim edib.
Sonra  Maliyyə Tədris Mərkəzinin və İqtisadi Araşdırmalar və Tədris Mərkəzin tanıtım videosu izlənilib.
Layihə iştirakçıları Şamxal İbrahimov, Nail Mustafazadə, Fatimə Rzayeva və digərləri kursun onlara verdiyi faydalar, əldə etdikləri nailiyyətlərlə bağlı çıxışlar edib, təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Naxçıvan Muxtar Respublikasında mühasibat uçotu sahəsində kadr hazırlığına verdiyi dəstəyə görə təşəkkürnamə plaketi ilə təltif olunub.
Aralıq və final imtahanlarda topladıqları bala görə iştirakçılara hər iki Mərkəz tərəfindən imzalanan “fərqlənməyə”, “müvəffəqiyyətə” və “iştiraka” görə sertifikatlar təqdim olunub.
  • 268
Sosial şəbəkələrdə biz