Naxçıvan Biznes Mərkəzində görüş keçirilib

 3 iyun 2021-ci il tarixində Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.
       Naxçıvan  Muxtar  Respublikasının  Maliyyə  Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan  Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının  Dövlət  Vergi  Xidmətinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq qonaqları salamlayıb və muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şərait­dən danışıb. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi inkişaf strategiyasının əsas istiqaməti sahibkarlıq fəaliyyətinin dəstəklənməsi olub və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşüb. Sahibkarlığın inkişafı nəticə etibarilə büdcə gəlirlərinin də artmasına səbəb olub.  Bildirilib ki, sahibkarlığın  idarə olunmasında mühasibat uçotu informasiyalarının əhəmiyyəti əvəzolunmazdır. Bu informasiyaların əks olunduğu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqi   baza əməliyyatları səviyyəsində məlumat açıqlanmasını tələb etməklə şəffaflığın artırılmasına çox böyük təsir göstərir, müəssisələrin beynal­xalq bazarlara çıxışını təmin edir, həm uçot, həm də biznes proseslərinin yenilənməsi və təkmilləşdirilməsinə gətirib çıxardır. Seminar-treninqin keçirilməsinin əsas məqsədinin kommersiya təşkilatlarında Maliyyə Hesabatlarının Beynəlxalq Sandartlarının tətbiqinin əsas istiqamətləri ilə bağlı maarifləndirmə işini aparmaqdan ibarət olduğu bildirilib.
      Proqrama uyğun olaraq “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkarlarla görüş keçirir, onların fəaliyyəti ilə maraqlanır ki, bu da qarşıya qoyulan vəzifə və tapşırıqların istiqamətini  müəyyənləşdirmiş olur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması  və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə muxtar respublikada əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Seminar-treninq çıxışlarla davam etdirilib. İlk olaraq Ləzzət Qida Sənaye MMC-nin baş mühasibi Ramazan Seyidov “Sahibkarlıq subyektlərində mühasibat uçotunun   təşkilinin əsas istiqamətləri və  müasir tələblər” mövzusunda çıxış edərək maliyyə hesabatlarının beynəlxalq standartlarını şərh edib və tələb olunan əsas meyarları iştirakçıların diqqətinə çatdırıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin auditi şöbəsində böyük dövlət vergi müfəttişi İsmayıl Bağırov “Mühasibat uçotunun düzgün aparılmasına vergi nəzarəti və vergi yoxlamaları tədbirlərinin  keçirilməsi”  mövzusu ətrafında danışaraq vergi nəzarətinin maliyyə nəzrətinin tərkib hissəsi olduğunu qeyd edib və vergi nəzarəti zamanı sahibkarlıq subyektlərinin maliyyə sanksiyaları ilə qarşılaşmaması üçün mühasibat (vergi) uçotunun düzgün aparılması istiqamətləri haqqında məlumat verib. Sonda  Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında “Kommersiya təşkilatlarında peşəkar mühasib hüququnun əldə edilməsi qaydaları”  mövzusunda slaydlar vasitəsilə  ətraflı məlumat verilib.
        Tədbir  müzakirə şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.

  • 338
Sosial şəbəkələrdə biz