Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib

  2-3 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Rsepublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri və praktiki izahı mövzusunda iki günlük təlim keçirilib.
Mərkəzin iclas zalında keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali  Məhkəməsi və digər qarışıq təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində çalışan 14 nəfər işçi cəlb olunub.
Təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
Gündəliyə uyğun olaraq Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova əvvəlcə iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında məlumat verib, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb.
Təlimin ilk günü  təlimçi  Azər Məmmədov  “Torpaq , tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri əsasları modulu ətrafında kapital və gəlirlərlə bağlı məsrəflər, kapital və əməliyyat gəlirləri, kapital və gəlirlə bağlı maddələr arasındakı fərqlər, amortizasiyanın hesablanması metodları, uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi və digər mövzular barədə məlumat verib. Sonda mövzular ətrafında müzakirələr aparılıb.
   Növbəti gün “Torpaq , tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının praktiki izahı modulu ətrafında isə  torpaq, tikili və avadanlıqları adlı 17 №-li Beynəlxalq Mühasibat Uçotu Standartının mahiyyəti, onun tətbiq sahəsi, aktivlərin ilkin qiymətləndirməsi, mübadiləsi, aktivin reyestri qaydaları praktik olaraq izah edilib və iştirakçıların sualları cavablandırılıb.
   Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.

  • 345
Sosial şəbəkələrdə biz