Səhiyyə müəssisələrinin mühasibləri üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Səhiyyə müəssisələrində profilaktiki maliyyə nəzarətinin həyata keçirilməsi” adlı iki günlük təlim keçirilib. Keçirilən təlimdə səhiyyə sahəsində çalışan 12 maliyyə-mühasibat işçisi iştirak edib.
   Əvvəlcə  Mərkəzin direktoru Mehriban İmanova iştirakçıları salamlayıb, təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, maliyyə nəzarəti dövlətin maliyyə siyasətinin uğurla həyata keçirilməsinə və dövlət büdcəsinin səmərəli istifadə olunmasına mühüm töhfə verir. Səmərəli  maliyyə nəzarətinin həyata keçirilməsində isə mühasibat uçotunun təşkili mühüm rol oynayır. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd  yoxlama zamanı mühasibat uçotunun aparılmasında hər hansı bir pozuntunun olmaması üçün profilaktik tədbirlərin aparılmasından ibarətdir.
    Təlimin ilk günü Maliyyə Nazirliyinin əməkdaşı Xaqani Vəliyevin “Səhiyyə işçilərinin əməyinin ödəniş dərəcəsinin və ödəniş qrupunun müəyyən edilməsi” mövzusu ətrafında çıxışı olub. Təlim zamanı səhiyyə sahəsinə aid olan rəhbər, mütəxəssis, qulluqçu, fəhlə vəzifələrinə, tibb müəssisələrinin rəhbərlərinin, baş tibb bacısının, əczaxana məntəqə müdirlərinin, həkim-mütəxəssislərin, eləcə də rezidentlərin müvafiq ixtisas tələblərinə uyğun olaraq əməyin ödəniş dərəcələrinin müəyyən edilməsi barədə dinləyicilərə məlumat verilib.
   Gündəliyə uyğun olaraq təlimin ikinci günündə “Səhiyyə işçilərinin vəzifə maaşlarına əlavələrin tətbiq edilməsi” mövzusu ilə bağlı məlumat verilib, sağlamlıq üçün ağır və təhlükəli olan əmək şəraitinə, ixtisas dərəcəsinə, fasiləsiz əmək stajına və əmək şəraitinin xüsusiyyətinə görə vəzifə maaşına müvafiq əlavələrin ödənilməsi məsələləri iştirakçılara praktiki olaraq izah olunub.
  Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 392
Sosial şəbəkələrdə biz