Beynəlxlaq Müəllimlər Günü münasibətilə təlim keçirilib

5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi  və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Qənaətcil büdcəm” adlı maarifləndirici təlim keçirilib.
60-dan çox gəncin cəlb olunduğu təlimin məqsədi gənclərin maliyyə savadlılığı üzrə biliklərini artırmaqla, maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqlarını yüksəltməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Azad Novruzov iştirakçıları salamlayıb və gənclər arasında bu kimi tədbirlərin keçiriliməsinin böyük  əhəmiyyəti olduğunu vurğulayıb. Qeyd olunub ki,  gənclərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi onların qənaət vərdişlərini artırmaqla gələcəyə dair iqtisadi planlar qurmaları üçün faydalı olacaq. Dünyanın bir çox ölkələrində mütəmadi olaraq maliyyə savadlılğı üzrə təlimlərin keçirildiyi və bunun da  insanlara öz maliyyə vəsaitlərindən düzgün istifadə etməyi aşılamaq məqsədi daşıdığı bildirilib.
Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent  Mehriban İmanova çıxış edərək Maliyyə Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, düzgün maliyyə qərarlarının verilməsinin gənclərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olduğunu onların  diqqətinə  çatdırıb. Qeyd edilib ki, maliyyə cəhətdən savadlı olan gənclərin gündəlik həyatda qarşılaşdıqları maliyyə vəziyyətlərinə qarşı öz problemlərini düzgün həll edə bilmə və planlı  şəkildə qərarlar alma qabiliyyətləri  yüksək olur. Daha sonra Mehriban İmanova gələcəyin müəllimlərini Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edib, çıxışını millətimizin ən böyük müəllimi olan Ulu Öndər Heydər Əliyevin müəllim haqqında dəyərli fikirləri ilə tamamlayıb.
Daha sonra Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında keçirilən təlim zamanı büdcə və  fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti,  maliyyə hədəfləri, qənaət, borc, investisiya və  digər mövzularla bağlı təqdimat nümayiş edilib. “Şuşa”, “Suqovuşan”, “Xarıbülbül” “Xudafərin” adlı 4 komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib və bu nəticələrə uyğun olaraq qalib komandalar müəyyən edilib.
Sonda qalib komandaya və təlim müddətində fərqlənən tələbələrə Mərkəz tərəfindən Sertifikat və hədiyyələr təqdim olunub.


---
  • 80
Sosial şəbəkələrdə biz