Maliyyə və mühasibat uçotu sahəsində çalışan işçilər üçün təlim keçirilib


13 avqust tarixində start verilmiş təlimin davamı olaraq bu günkü təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların maliyyə və mühasibat uçotu sahəsində çalışan 11 nəfər işçisi cəlb olunub. Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbirdə Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və gündəlik barədə məlumat verib və təlimin ilk modulu – “Mühasibat hesabları, maliyyə bərabərliyi və ikili yazılış sistemi” mövzusunda çıxışı dinlənilib. Çıxış zamanı mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, balansda baş verən dəyişmə tipləri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, maliyyə bərabərliyi düsturunun mahiyyəti, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu və digər mövzular ətrafında slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.
Təlimin ikinci günündə Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatı ilə “Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim edilməsi” mövzusunda təlim keçiriləcək. Mövzuya müvafiq olaraq müəssisələrdə aparılmış əməliyyatların mühasibat uçotu reyestrində əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması barədə məlumat veriləcək.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək, digər iştirakçıların növbəti imtahanlara cəlb olunması təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti
  • 367
Sosial şəbəkələrdə biz