Mühasiblər növbəti təlimə cəlb olunub

18-19 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında tərtib və təqdim edilməsi” adlı təşkil olunan iki günlük təlimə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 20 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
   Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı maliyyə hesabatlarının mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, həmçinin maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirdiyi və bu məlumatların daxili və xarici istifadəçilər üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanaraq, onların məqsədi, mahiyyəti haqqında geniş məlumat verilib,   beynəlxalq standartlara uyğunlaşdırılan maliyyə hesabatlarının  tərtib edilmə mərhələləri,  əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər  izah edilib. 
     Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Pərvin Cümşüdova  müəssisədə baş vermiş əməliyyatların müxabirləşmələrinin verilməsi və əməliyyat jurnalının hazırlanması, əməliyyatların baş kitablara işlənməsi, düzəliş qeydlərinin edilməsi və müvəqqəti hesabların bağlanması, düzəliş olunmuş və son sınaq balansının hazırlanması, maliyyə hesabatlarının tərtib olunmasını müvafiq praktiki tapşırıqlar əsasında izah edib.
    Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara MaliyyəTədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 351
Sosial şəbəkələrdə biz