Mədəniyyət sahəsində çalışan mühasiblər təlimə cəlb olunub

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki  əsasları” adlı növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
   Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti  haqqında ümumi məlumat verərək, bu kimi təlimlərin keçirilməsində məqsədin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” modulu ətrafında təqdimatı olub. Təqdimat zamanı  maliyyə hesabatının müəssisənin mühasibat uçotu prosesinin son məhsulu  uçot informasiyalarının işlənməsinin son mərhələsi olduğu bildirilib, maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və  növləri haqqında məlumat verilib, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında  qeyd olunmasının elmi əsasları izah edilərək sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
   Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.

  • 452
Sosial şəbəkələrdə biz