"Könüllü təlimçi" layihəsinə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Beynəlxalq Könüllülər Günü"nə həsr olunan  "Könüllü təlimçi" layihəsi  keçirilib.
4 istiqamət üzrə reallaşdırılan təlimdə  iqtisadiyyat, mühasibat uçotu, maliyyə və qanunvericilik üzrə təqdimatların qəbul edilməsi tələbi qoyulub və onlayn qeydiyyat aparılıb. Mühasibat uçotunun nəzəri və təcrübi əsasları, ailə büdcəsinin və şəxsi büdcənin idarə edilməsi, əmək və mülki qanunvericiliklə bağlı təqdimatlarla qeydiyyatdan keçən ali və orta ixtisas məktəblərinin tələbələri, o cümlədən bu sahəyə marağı olan könüllülər layihədə iştirak etmək hüququ qazanıb.
Layihənin icrası zamanı büdcə və kommersiya  təşkilatlarında çalışan mühasiblərdən və muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 14 könüllünün təqdimatı dinlənilib. Şəffaflığı təmin etmək məqsədilə Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən ekspert qrupu yaradılıb, təqdimatlar onların nitq və auditoriyanı ələ alma qabiliyyəti, səsin düzgün tənzimlənməsi, bədən dilinin mövzunu əhatə etmə dairəsi, interaktivlik və digər meyarlar əsasında qiymətləndirilərək "ən yaxşı təlimçilər" seçilib, onlara Mərkəz tərəfindən sertifikatlar təqdim olunub.
Layihənin ikinci mərhələsində könüllülər üçün “Gələcək üçün maliyyə” adlı təlim keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda təşkil edilən təlimə muxtar respublikada ali və orta ixtisas müəssisələrində təhsil alan 50-dən çox gənc könüllü iştirak edib.  Maliyyə Nazirliyinin əməkdaşı İbrahim Şərifov və “Könüllü təlimçi” layihəsində “Maliyyə savadlılığı” mövzusunda təqdimatı ilə fərqlənən  Naxçıvan Dövlət Universitetinin tələbələri Elmar İgəndərov və Aytəkin Abbaslının təqdimatında keçirilən təlim zamanı Pulun mahiyyəti və tarixi haqqında məlumat verilib,  büdcə və  fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti,  maliyyə hədəfləri, qənaət, borc, yığım vasitələri, investisiya və  digər mövzularla bağlı təqdimat nümayiş edilib. 8 komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib. Keçirilən müsabiqədə sualları ən dolğun cavablandıran və ən yaxşı büdcə planlaşdırması layihəsi ilə seçilən “Qarabağ” komandası birinci, “Əlincə” komandası ikinci, “Şahbulaq” komandası isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.
Layihə və intellektual oyun gənc könüllülər tərəfindən maraqla qarşılanıb.
  • 379
Sosial şəbəkələrdə biz