“Mən mühasib olmaq istəyirəm!” təliminə start verilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral-Gənclər Gününə həsr olunmuş “Mən mühasib olmaq istəyirəm!” adlı üçgünlük təlimlərə start verilib.
29 yanvar 2024-cü il tarixindən başlayan təlimdə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 70 nəfər iştirak edib.
Təlimin ilk günündə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bir əsrlik tarixə malik olan Naxçıvan muxtariyyətinin  yarım əsrinin Ümummilli Lider Heydər Əliyevin siyasəti ilə formalaşdığını və dövlət gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib.
Sonra təşkil olunan təlimin məqsədi haqqında məlumat verən mərkəzin direktoru vurğulayıb ki, təlimin təşkil edilməsində məqsəd gənclərin mühasib peşəsinə olan marağını artırmaq və gənc mühasiblərin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir. Təlimdə iştirak edənlərə mühasibatlıq sahəsində həm nəzəri, həm praktiki biliklərə yiyələnəcək, həm də rəsmi mühasibatlıq sahəsində vacib məqamları öyrədiləcək.
 Təlim zamanı mərkəzin baş mütəxəssisi Aytən Mənsumzadə mühasibat uçotunun mahiyyəti və mühasibin müəssisədəki rolunun vacibliyindən danışıb, maliyyə bərabərliyi, onun tərkib elementləri, əməliyyatlar əsasında müxabirləşmələrin aparılması və bu əməliyyatların maliyyə bərabərliyinə təsirini əyani misallar üzərində izah edib.
Proqrama uyğun olaraq təlimin sonrakı iki gün ərzində davam edəcəyi nəzərdə tutulub.
  • 163
Sosial şəbəkələrdə biz