Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Naxçıan Muxtar Respublikası maliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov Prezident İlham Əliyevin 20 il ərzində Azərbaycanın inkişafına hesablanmış və həyata keçirilmiş uğurlu siyasətindən bəhs edib. O qeyd edib ki, 2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya ölkələri sırasında öz sözünü demiş bir dövlətə çevrilmişdir.
Həmçinin o qeyd edib ki, ölkə başçısının həm diplomatik, həm də hərb meydanında apardığı mübarizənin nəticəsi olaraq Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində düşmən üzərində parlaq qələbə qazanılmiş, tarixi torpaqlarımız işğaldan azad olunmuş və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olunmuşdur.
Çıxışının sonunda nazir müavini vurğulamışdır ki, Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Sonra isə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Qalib xalqın Qalib Prezidenti” mövzusunda, nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Tamaraxanım Aşurlu “Gənclərin ən böyük himayəçisi-Prezident İlham Əliyev” mövzusunda çıxış ediblər.
Sonda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib.
  • 134
Sosial şəbəkələrdə biz