Mənzil və kommunal təsərrüfatı müəssisələrinin əməkdaşları təlimə cəlb ediliblər

26-27 yanvar 2022-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində keçirilən növbəti təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar İdarələri, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi, “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi, Fəxri Xiyaban İdarəsi və digər təşkilatlarda çalışan 12 nəfər mütəxəssis cəlb olunub.
Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlərin məqsədinin beynəlxalq mühasibat uçotu standartlarına əsasən, maliyyə-mühasibat işinin aparılması, bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarət olduğunu bildirib.
Təlimin ilk günü “Cahan AVM” MMC-nin əməkdaşı Nurlan Vəliyev “Təsərrüfathesablı müəssisələrdə mühasibat uçotunun təşkilinin nəzəri əsasları” modulu ətrafında danışaraq maliyyə hesabatlarının tərtib və təqdim olunmasını mərhələli şəkildə izah edib.
Növbəti gün “Təsərrüfathesablı müəssisələrdə mühasibat uçotunun təşkilinin praktiki izahı” moduluna uyğun olaraq məzuniyyət və onun əmsallaşdırılması, ezamiyyənin hesablanması və digər əməliyyatlar üzrə praktiki iş yerinə yetirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aparılan qiymətləndirmənin yekun nəticələrinə görə ən yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 149
Sosial şəbəkələrdə biz