Mühasiblər “Məzuniyyət hüququ və onun təmin edilməsi” ilə bağlı təlimə cəlb edilib

17-18 fevral 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda iki günlük təlim keçirilib. Təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
İki gün 4 saat müddətində keçirilən təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova tədbiri  giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən “Məzuniyyət hüququ və onun həyata keçirilməsi qaydaları” mövzusunda elektron materiallarla zənginləşdirilmiş çıxışı olub. Çıxış zamanı məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri və müddətləri, məzuniyyətin hissələrə bölünməsi, ödənişsiz məzuniyyət, onun növləri və verilmə müddətləri, əsas və əlavə məzuniyyətlərin birləşdirilməsi, məzuniyyət əmrinin verilməsi və başqa mövzular diqqətə çatdırılıb. Təlimin sonunda keçirilən mövzulara uyğun olaraq tapşırıqlar yerinə yetirilib.
Növbəti gün təlimçi Yeganə Talıbovanın “Məzuniyyət hüququnun tənzimlənməsinin praktiki izahı” mövzusunda tapşırıqlarla təqdimatı olub. Təlim zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi, istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin ödənilməsi, məzuniyyət haqqı hesablanarkən nəzərə alınan və alınmayan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydaları və digər modullar ətrafında lazımi məlumatlar verilib. Təlim praktiki işlə davam edib.
Sonda iştirakçıları  maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və test mərhələsindən sonra yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 376
Sosial şəbəkələrdə biz