Hüquq-mühafizə orqanlarında çalışan maliyyə-mühasibatlıq işçiləri təlimə cəlb olunub

27-28 sentyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində iki günlük təlim keçirilib. “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması” adlı təlimə muxtar respublikanın hüquq-mühafizə orqanlarında çalışan 22 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, mahiyyəti və aktuallığı barədə məlumat verib.Təlimin ilk günü Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlə sektorunun müdiri Arzuman İmanov tərəfindən Peşəkar Mühasib Sertifikasiyası haqqında maarifləndirici məlumat verilib, daha sonra “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının nəzəri əsasları” modulu ətrafında slaydlar vasitəsilə təqdimatı olub. Bildirilib ki, tədricən baş verən əməliyyatların dəqiq hesablanması və sənədləşdirilməsi çətin olduğu üçün hesabat dövründə cəmlənərək birdəfəlik uçota alınması düzəliş qeydlərinə ehtiyac yaradır. Təqdimat zamanı düzəliş qeydlərinin mahiyyəti haqqında məlumat verilib, onun növləri, düzəlişlərin əks etdirilməsi, gəlir və xərc hesablarının bağlanması zamanı tarazlığın qorunması, əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər  izah edilib. Növbəti gün “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının praktiki izahı” modulu ətrafında Arzuman İmanov müəssisədə baş vermiş düzəliş qeydlərinə aid praktiki nümunələr əsasında əməliyyatların müxabirləşməsinin verilməsi, müvəqqəti hesabların bağlanması, düzəliş olunmuş və son sınaq balansının hazırlanması, maliyyə hesabatlarının tərtib olunmasını geniş izah edib. 
     Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 284
Sosial şəbəkələrdə biz