Qardaş ölkənin mühasib xanımları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü və İstanbul Sərbəst Mühasiblər Palatasının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Hər qadın bir dünyadır. Mühasib qadınların dünyasına xoş gəldiniz” adlı onlayn görüş keçirilib.
Keçirilən tədbirin məqsədi iki qardaş ölkənin mühasib qadınlarını bir araya toplamaq, Türkiyə-Azərbaycan dostluğunu bütün sahələrdə olduğu kimi mühasibatlıq sahəsində də möhkəmləndirmək, işgüzar əlaqələri genişləndirməkdən ibarətdir.
Tədbirin moderatorları Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və İstanbul Sərbəst Mühasiblər Palatasının xəzinədarı Gülgün Öztürk Türkiyə ilə Azərbaycan arasında tarix boyu sarsılmaz dostluq və qardaşlıq əlaqələri olduğunu, hər iki xalqın bütün sahələrdə bir-birinə dəstək verdiyini bildirib. Sonra bu dostluğu əks etdirən videoçarx nümayiş etdirilib.
Mehriban İmanova İstanbul Sərbəst Mühasiblər Palatası ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası arasında dostluq və əməkdaşlığın bünövrəsinin ötən il Naxçıvanda keçirilən Mühasiblərin və Auditorların VII Avrasiya Forumunda qoyulduğunu qeyd edərək, bu layihənin ilk olduğunu və bundan sonra daha böyük layihələrə imza atacaqlarını bildirib. Forumdan xatirələri əks etdirən slayd nümayiş etdirilib.
Tədbirdə iştirak edən İstanbul Sərbəst Mühasiblər Palatasının sədri Yücel Akdemir Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının İdarə heyətinin sədri Nuriyyə Novruzova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası İdarə Heyətinin sədri Günay Şahbazova, “Gənc Mühasiblər” İctimai birliyinin sədri Solmaz Əliyeva öz təşkilatları haqqında məlumat verib,  iştirakçı xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Dünya üzrə 3 milyondan çox peşəkar mühasibi birləşdirən Beynəlxalq Mühasiblər Federasiyasının sədri Alan Johnson Amerika Birləşmiş Ştatlarından təbdirə qoşularaq mühasib xanımların ünvanına xoş sözlər söyləyib, təbriklərini çatdırıb.
Hər iki ölkənin mühasibatlıq sahəsini əhatə edən təşkilatları təmsil edən mühasib xanımlar peşə ilə bağlı həyat yollarını danışıb, qadın mühasib olmağın çətinliklərini və əldə edilən uğurları biri-birilə bölüşüblər.
  • 442
Sosial şəbəkələrdə biz