“Maliyyə Tədris Mərkəzi"nin növbəti təlimi başa çatıb

Naxçıvan Muxtar Respublikası  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün növbəti təkmiləşdirici təlim öz işinə başlayıb. İki gün, 4 tədris saatı müddətində keçirilən təlimə müxtəlif büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 12 mütəxəssis cəlb edilib.
İki moduldan ibarət olan təlimi Mərkəzinin direktoru Mehriban İmanova açaraq tədbirin aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, ölkəmizdə kommersiya təşkilatları ilə yanaşı, ictimai əhəmiyyət kəsb edən qurumlarda da mühasibat uçotu və maliyyə hesabatları beynəlxalq prinsip, həmçinin standartlara uyğun olaraq qurulub, inkişaf etdirilir. Təlimin də məqsədi bu təşkilatlarda mühasibat uçotu məlumatları əsasında hazırlanan müəssisənin maliyyə vəziyyəti, maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə vahid məlumat sistemi olan maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri-metodoloji prinsiplərinin, eyni zamanda praktiki qaydalarının beynəlxalq standartlara uyğun tədrisinin təmin edilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarətdir.
Gündəliyə uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri–baş mühasibi Elvin Əlimərdanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtibinin nəzəri əsasları” adlı mövzu ətrafında maliyyə hesabatlarının tərtib edilməsi və təqdimatı üzrə konseptual əsaslar, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu  vasitəsilə uçota alınması və  digər nəzəri, metodiki məsələləri geniş şəkildə izah edib.  
Təlimin ikinci günündə əməliyyat jurnallarında qeydiyyatın aparılması, dövriyyə cədvəllərinin hazırlanması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsi üzrə müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara Mərkəzin sertifikatları təqdim edilib.
  • 538
Sosial şəbəkələrdə biz