Maliyyə Tədris Mərkəzində növbəti təlimə start verilib

7-8 aprel 2022-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində   “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim keçirilib.
Təlimə rayon icra hakimiyyətlərinin tabeliyində olan İnzibati Ərazi Dairə üzrə Nümayəndəliklərdə maliyyə və mühasibatlıq işi üzrə çalışan 21 nəfər əməkdaş cəlb olunub.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, təlimlərin təşkil olunmasında məqsəd mühasiblərin biliklərinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsilə yanaşı, bacarığı və marağı olan mühasiblərin təlimçi kimi yetişdirməkdən ibarətdir. Bu təlimi tədris edən mühasiblərin də ilk dəfə olaraq təlimçi qismində iştirak etdiyi, bunun həm onların şəxsi inkişafı, həm də biliklərinin qarşı tərəfə ötürülməsi baxımından faydalı olduğu bildirilib.
Təlimin ilk günü “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan İşıqlandırma və Reklam Tərtibat İdarəsinin mühasibi Ziya Quliyev çıxış edib. Mövzuya müvafiq olaraq müəssisələrdə gündəlik əməliyyatların sənədləşmə işinin həyata keçirilməsi, aparılmış əməliyyatların mühasibat uçotunda əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması qaydaları izah edilib.
Növbəti gün isə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin mühasibi İman Yusifov “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkilinin əsasları” modulu ətrafında danışaraq əmək haqqının və son hesabın hesablanması, əmək haqqından tutqular,  işçilərin məzuniyyət hüququ, məzuniyyətin növləri və hesablanması, onun əmsallaşdırılması və digər məsələlərlə bağlı praktiki məlumat verib.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

  • 447
Sosial şəbəkələrdə biz