10 noyabr “Beynəlxalq Mühasiblər Günü” qeyd edilib

Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr – Beynəlxalq Mühasiblər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub. 
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova qeyd edib ki, qədim sivilizasiyalara aid olan mühasibat uçotunun tarixi yazının, pulun və ticarətin inkişafı ilə sıx bağlıdır. Bu günə qədər mühasibat uçotu xeyli inkişaf prosesindən keçmiş, lakin onun əsas prinsipləri və prosedurları orta əsrlərdən bəri əsasən dəyişməz olaraq qalmışdır. 1494-cü ilin  noyabr ayının  10-da italyan alimi Luka Paciolinin nəşr edilən kitabında  ikili mühasibat uçotunun təsviri mühasibat uçotu praktikasında inqilab edərək, müəssisələrə öz səmərəliliyini və gəlirliliyini artırmağa kömək etdi. Buna görə də mühasibat uçotunun inkişafına təkan verən bu tarix “Beynəlxalq Mühasiblər Günü” olaraq seçilib. Mehriban İmanova “Beynəlxalq Mühasiblər Günü”  münasibətilə gənc mühasibləri təbrik edib, onlara iş fəaliyyətlərində uğurlar arzulayıb.
Proqrama uyğun olaraq Mərkəzin əməkdaşı Həsən Abdullayevin təqdimatında “Mühasib peşəsinin bu günü və gələcəyi” mövzusunda təqdimatı nümayiş etdirilib. Təqdimat zamaını müasir dünyada  mühasib peşəsinin əhəmiyyəti, üstünlükləri və digər peşələr arasında tutduğu yer statistik göstəricilər vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb, mühasib peşəsinin  gələcəyi haqqında  geniş məlumat verib.
Mühasibat uçotu, maliyyə, vergi  sistemi ilə bağlı sualları əhatə edən intellektual yarışmanın qaydalarına uyğun olaraq “Breyn-rinq” bilik yarışının bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib gələn komandalar müəyyən edilib. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını əhatə edən  komandaların iştirakı ilə gərgin və maraqlı mübarizə şəraitində keçirilən bilik yarışmasının sonunda birinci yerin qalibi  Kəngərli rayonu, ikinci yerin qalibi Culfa rayonu və üçüncü yerin qalibi olan Şərur  rayonunun mühasiblərindən ibarət komandaların üzvlərinə Mərkəz tərəfindən hədiyyə və diplomlar təqdim olunub.
Muxtar respublikada kommersiya və büdcə təşkilatlarında fəaliyyət göstərən 40-dan çox mühasibin cəlb olunduğu bilik yarışmasının keçirilməsində məqsəd mühasiblərin maliyyə sahəsi üzrə bilik və bacarıqlarını, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirmək, maliyyə və mühasibat uçotu sahəsində intellektual yarışlara olan marağını daha da artırmaqdan ibarətdir.
  • 247
Sosial şəbəkələrdə biz